REGİONLAR
Füzulidə məcburi köçkün ailələri yeni qəsəbəyə köçürülür
Füzuli, 15 dekabr, AZƏRTAC
Füzuli rayonu ərazisində fin tipli qəsəbədə müvəqqəti məskunlaşan məcburi köçkün ailələri onlar üçün yeni inşa edilən qəsəbəyə köçürülürlər.
AZƏRTAC xəbər verir ki, köçürülmə prosesi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. 417 hektar sahəni əhatə edən qəsəbədə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə inşa edilən qəsəbədə evlərin ümumi yaşayış sahəsi 21 min 511 kvadratmetrdir. Mənzillərdən 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si isə dördotaqlıdır.
Məcburi köçkünlər yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Yeni qəsəbədə mənzillə təmin edilən məcburi köçkün Elza Abdıyeva AZƏRTAC-a müsahibəsində deyib: “20 ildən artıqdır fin tipli qəsəbədə çətin şəraitdə yaşayırdıq. Bu gün isə yaraşıqlı, hər cür şəraiti olan üçotaqlı evimiz var. Prezidentimiz hər zaman problemlərimizin həllinə xüsusi diqqət və qayğı göstərir. Məcburi köçkünlər adından dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, bu cür sevinci doğma torpaqlarımıza qayıdanda da yaşayacağıq”.
Məcburi köçkün ailələrin yeni qəsəbəyə köçürülməsi yaxın günlərdə başa çatacaq.