REGİONLAR
Füzulidə pambıq yığımına başlanılıb
Füzuli, 31 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Füzuli rayonunda pambıq yığımına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Füzuli rayonunda 2100 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambıq əkinlərinin 1330 hektarı “P-Aqro” MMC, 630 hektarı “Azərpambıq” MMC ilə müqavilə əsasında, 140 hektarı isə fərdi qaydada becərilib.
Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib.
Rayonda pambıq əl əməyindən istifadə edilməklə yığılmağa başlanıb. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah halının yaxşılaşdırılması üçün daha çox əl əməyinə üstünlük verilir. Rayonda pambıq yığımına minlərlə rayon sakini, həmçinin 8 pambıqyığan kombayn cəlb ediləcək.
Pambıq istehsalçıları yığdıqları məhsulu Horadiz şəhərində və Beyləqan rayonunda yerləşən pambıq qəbulu məntəqələrinə təhvil verirlər. İlkin hesablamalara görə, bu il Füzulidə dörd min tondan çox “ağ qızıl” istehsal ediləcəyi gözlənilir.