Füzulidə şəhidlərin xatirəsi anılıb
Füzuli, 27 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Füzuli şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi çıxış edərək, tədbirin mahiyyətindən danışıb, şəhidlərin əziz xatirəsinin hər zaman uca tutulacağını vurğulayıb.
Sonra Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov və Füzuli rayon Təhsil Sektorunun müdiri Ramella Məmmədova çıxış edərək, Vətən müharibəsinin tarixi əhəmiyyəti və şəhidlərimizin göstərdiyi qəhrəmanlıq barədə fikirlərini bölüşüblər.
Qazi Cahid İsfəndiyarlı xatirələrini və Vətən müharibəsindəki qəhrəmanlıq hekayələrini iştirakçılarla paylaşıb.
Şəhid Ülvi Mikayılovun atası Bəhruz Mikayılov və şəhid Nurəddin Rəsulovun anası Reyhan Rəsulova övladlarının qəhrəmanlığından qürurla danışıblar.
Sonra tədbir bədii hissə ilə davam edib. Sentyabrın 21-dən 24-nə qədər 24 şəhid övladının iştirakı ilə baş tutan və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin və Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Xocavəndin Hadrut qəsəbəsində və Füzuli şəhərində keçirilmiş Anım Gününə həsr olunan “Xarıbülbül” düşərgəsindən hazırlanan videoçarx nümayiş olunub. Daha sonra Prezident İlham Əliyevin müharibənin başlanması və rayonların azad edilməsi ilə bağlı çıxışlarını əks etdirən videoçarx göstərilib. Vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, mahnılar ifa olunub və tədbir iştirakçıları Azərbaycanın qəhrəmanlıq dolu mübarizə ruhunu bir daha yaşayıb.
Tədbir saat 12:00-da şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.