CƏMİYYƏT
Füzulidə su nasos stansiyasının yaxınlığında piyada əleyhinə mina aşkarlanıb
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatına əsasən, Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində su nasos stansiyasının yaxınlığına baxış keçiriblər. Baxış zamanı bir piyada əleyhinə mina (OZM-72) aşkar edilərək götürülüb. Nəticədə 500 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentlik tərəfindən yanvarın 1-dən iyulun 24-dək 5790 partlamamış hərbi sursat, tank əleyhinə 194 mina və piyada əleyhinə 31 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 694 min 692 kvadratmetr ərazi yoxlanılıb.