İQTİSADİYYAT
Füzulidə yüksəkkeyfiyyətli elektron poçt xidməti tətbiq olunmuşdur
Bakı, 11 iyun (AZƏRTAC). Füzuli rayonunun Horadiz şəhərində yüksəkkeyfiyyətli elektron poçt xidməti tətbiq olunmuşdur. Hazırda istənilən yerə məktub və məlumatların elektron formada göndərilməsində heç bir problem yoxdur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, baş vermiş qasırğa nəticəsində rayonun bütün sahələri ilə yanaşı, telekommunikasiya və poçt sahəsinə də ciddi ziyan dəymişdir.
Fəlakət nəticəsində Horadizlə yanaşı, Əhmədalılar və Mollaməhərrəmli, Arayatlı kəndlərinin poçt şöbələri və ATS binaları, birləşdirici xətlər yararsız vəziyyətə düşmüşdür.
Hazırda dəymiş zərər tamamilə aradan qaldırılmışdır. Vətəndaşların rabitə xidmətləri bərpa olunmuş, poçt göndərişlərinin ünvanlarına çatdırılması təmin edilmişdir.