DÜNYA
G7 ölkələrinin energetika nazirləri neft-qaz investisiyaları və təhlükəsizlik məsələlərini müzakirə ediblər
Tokio, 2 may, AZƏRTAC
Mayın2-də Yaponiyanın Kyuşu adasında yerləşən Kitakyuşu şəhərində G7 ölkələrinin energetika nazirlərinin görüşü başa çatıb.
Görüşün yekunu olaraq qəbul edilən birgə bəyannamədə vurğulanır ki, enerji ehtiyatları qiymətlərinin aşağı olduğu bir vaxtda neft-qaz sektoruna investisiyaların qoyuluşu fəallaşdırılmalı, həmçinin beynəlxalq enerji təhlükəsizliyi təmin olunmalıdır. Sənəddə digər ölkələr də bu təşəbbüsə qoşulmağa dəvət olunur.
G7 ölkələrinin energetika nazirlərinin qənaətinə görə, bu sahəyə investisiyaların yönəldilməsi gələcəkdə dünya iqtisadiyyatının inkişafını mümkün risklərdən qoruyar. Sənəddə, həmçinin bərpa olunan enerji mənbələri ilə bağlı yeni texnologiyaların inkişafı üçün investisiyaların yönəldilməsinin vacibliyi də vurğulanır.
Enerji daşıyıcalarının qiymətinin aşağı olması fonunda sahəyə investisiyaların azaldılması G7 ölkələri tərəfindən uzaq perspektiv üçün çox mənfi hal kimi qiymətləndirilir. G7 ölkələri əmindirlər ki, yaxın gələcəkdə enerji daşıyıcılarına tələbat inkişaf etməkdə olan ölkələrin timsalında yenidən artacaq və sahənin inkişafı yalnız bu tələbi ödəməyə imkan yarada bilər.
Bəyannamədə xüsusi diqqət yetirilən məqamlardan biri bütün dünya ölkələrini parnik qazlarının azaldılması ilə bağlı Paris müqaviləsinə daha tez qoşulmağa çağırışdır.
G7 ölkələrinin nazirləri, eyni zamanda “yaşıl” texnologiyaların investisiyalaşdırılmasına və onların tətbiqinə xüsusi diqqət yetirməyin zəruriliyini də vurğulayıblar.
Ukraynanın və digər ölkələrin enerji təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirən nazirlər, buradakı enerji təminatında baş verən proseslərdən narahat olduqlarını qeyd ediblər. Ukraynada baş verən enerji siyasətindəki islahatları alqışlayan nazirlər, bu ölkənin enerji sektorunu dəstəkləməkdə davam edəcəklərini bildiriblər. Sənəddə, həmçinin qeyd olunub ki, G7 ölkələri bu ölkələrdə dayanıqlı və rəqabətədavamlı energetika sisteminin yaradılmasında maraqlıdır.
Nazirlərin görüşü zamanı diqqəti cəlb edən məqamlarda biri də Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin ölkədə sıxılmış təbii qaz birjasının yaradılması strategiyası barədə bəyanatı olub. Bu haqda məlumat görüşün yekun bəyanatında da öz əksini tapıb. Burada qeyd olunub ki, G7 ölkələri Yaponiya ərazisində sıxılmış təbii qaz üzrə beynəlxalq ticarət mərkəzinin 2020-ci ilin birinci yarısında yaradılması barədə təşəbbüslə çıxış edir.
G7 ölkələrinin energetika nazirləri nüvə və enerji təhlükəsizliyi məsələlərinə də diqqət yetiriblər. 2011-ci ildə “Fukusima-1” AES-də baş vermiş qəzadan Yaponiyanın və digər ölkələrin çıxardığı nəticələrdən atom obyektlərində gələcəkdə təhlükəsizliyin təmin edilməsi üçün istifadə xüsusilə qeyd edilib. Beynəlxalq Atom Enerjisi Agentliyinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirən görüş iştirakçıları bütün dövlətləri bu təşkilatla sıx əməkdaşlığa dəvət ediblər.
Kibernetik təhlükəsizlik məsələsinə toxunan nazirlər qeyd ediblər ki, indiki rəqəmsal əsrdə bu məsələ enerji təhlükəsizliyi ilə birbaşa əlaqəlidir. Buna görə də energetika sistemlərinin modernləşdirilməsi günün vacib tələbidir.
Kitakyuşuda iki gün davam edən danışıqlar G7 ölkələri liderlərinin sammiti ərəfəsində növbəti mərhələ idi. Nazirlərin imzaladığı birgə bəyannamə sözsüz ki, G7 ölkələri liderlərinin enerji təhlükəsizliyi ilə bağlı aparacağı müzakirələrə birbaşa təsir göstərəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio