GDU-da kitab təqdimatı keçirilib
Gəncə, 26 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Hüquq və İnsan Haqları İnstitutu tərəfindən nəşr edilən, Vəfaddin İbayevin müəllifi olduğu “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar və siyasi paralellər” adlı kitabın təqdimatı keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək kitab haqqında məlumat verib. Bildirib ki, 466 səhifə, 33 fəsildən ibarət olan kitabda 44 günlük Vətən müharibəsi zamanı baş verənlərə dair geniş elmi-analitik baxış öz əksini tapıb.
Hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev diqqətə çatdırıb ki, kitabda Azərbaycanın müstəqillik və suverenlik tarixi, Prezident İlham Əliyevin ölkəmizin inkişafı və ərazi bütövlüyü sahəsində fəaliyyəti və İkinci Qarabağ müharibəsinin beynəlxalq hüquq prizmasından təhlili barədə ətraflı məlumat verilib.