GDU-da tələbələrlə görüş
Gəncə, 22 dekabr, AZƏRTAC
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov 2023-2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı tələbələrlə görüşüb.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rektor Yusif Yusibov çıxışında bildirib ki, tələbələrlə ənənə halı alan görüşlərin keçirilməsində əsas məqsəd onların imtahanlara hazırlıq səviyyəsini öyrənmək, imtahanlarla bağlı çətinlik və problemlərini dinləmək, gənclərin suallarını cavablandırmaq, həmçinin imtahanlara hazırlıq prosesində qarşılaşa biləcəkləri çətinliklərin operativ həllinə nail olmaqdır.
Rektor tələbələri hər zaman dinləməyə və fikir, təkliflərini eşitməyə hazır olduğunu deyib, imtahanlarda onlara uğurlar arzulayraq tövsiyələrini verib.
Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov imtahanların keçirilmə qaydaları və tarixi barədə ətraflı məlumat verib. Prorektor qeyd edib ki, imtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi üçün lazımi şərait yaradılıb və imtahanla əlaqədar təlimat hazırlanıb və universitetin saytında yerləşdirilib. Rektorun əmrinə əsasən imtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası təşkil edilib.
Görüşdə diqqətə çatdırılıb ki, imtahanlar yazılı və test üsulu ilə pilot layihə olaraq “kimya müəllimliyi” ixtisasında şifahi, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək. Dekabrın 29-da başlayan imtahan sessiyası fevralın 1-də yekunlaşacaq.
Sessiya zamanı üzrlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə fevralın 2-14-də təkrar imtahan vermək üçün şərait yaradılması nəzərdə tutulur.
Rektor Y.Yusibov imtahanlarla bağlı tələbələrin təkliflərini dinləyib və lazımi məsələlərin yerindəcə həll edilməsinə dair göstərişlər verib.
Tələbələr göstərilən diqqət və dəstəyə görə rektora minnətdarlıqlarını bildiriblər.