GDU-da ustad dərsi keçirilib



Gəncə, 17 mart, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, GDU-unun Fəxri doktoru, professor Məhəmməd Babanlı “Entropiya fenomeni elmdə və həyatda” mövzusunda ustad dərs keçib.
Nümunəvi dərsdə Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə, Elm və Təhsil Nazirliyinin Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, professor İmir Əliyev, universitetin Kimya-biologiya fakültəsinin professor-müəllim heyəti, eləcə də tələbələr iştirak ediblər.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, prorektor Pərvin Kərimzadə professorun ən mühüm elmi nailiyyətlərindən, həmçinin elmi kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətindən danışıb. Bildirib ki, Məhəmməd Babanlı tanınmış alimdir və onun elmi rəhbərliyi ilə 4 kimya elmləri doktoru, 40-dan çox kimya üzrə fəlsəfə doktoru hazırlanıb.
Çıxışlardan sonra professor Məhəmməd Babanlının “Entropiya fenomeni elmdə və həyatda” mövzusunda mühazirəsi dinlənilib. Professor nümunəvi dərsdə entropiyadan irəli gələn bir sıra maraqlı məqamlardan danışıb. Həmçinin dünyaşöhrətli alim sadə şəkildə 10 dərsin materialını bir yerə yığaraq entropiya anlayışından irəli gələrək, onu ətraflı şəkildə izah edib.
Sonda iştirakçıların sualları cavablandırılıb.