İQTİSADİYYAT
“Gədəbəy rayonunun Əlismayıllı kəndində su təchizatı sisteminin inkişafı” layihəsi üzrə qrant müqaviləsi imzalanacaqdır
Bakı, 31 oktyabr (AZƏRTAC). Noyabrın 3-də Yaponiya səfirliyində “Gədəbəy rayonunun Əlismayıllı kəndində su təchizatı sisteminin inkişafı” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçiriləcəkdir. Layihə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçiriləcəkdir.
Səfirlikdən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, qrant sazişini Yaponiya tərəfdən səfirliyin müşaviri Toşikazu Muto, Azərbaycan tərəfdən isə ”Yardım və İnkişaf Assosiasiyası Beynəlxalq Humanitar İctimai Birliyi” təşkilatının sədri Aslan Şahverdiyev imzalayacaqlar.
Layihənin əsas məqsədi Gədəbəyin Əlismayıllı kəndində su təchizatı sistemini yenidən tikməklə 1500 nəfər əhalinin içməli suya tələbatını təmin etməkdir. Bu layihə üçün Yaponiya hökuməti 99 min 607 ABŞ dolları məbləğində qrant ayırmışdır.