RƏSMİ XRONİKA
GƏDƏBƏYDƏ DƏ SÜRƏTLİ İNKİŞAF, ABADLIQ-QURUCULUQ İŞLƏRİ GEDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GƏDƏBƏY RAYONUNA SƏFƏRİ
ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT VƏ HEYDƏR PARKI İLƏ TANIŞLIQ
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Gədəbəy rayonunda olmuşdur. Rayon mərkəzinə toplaşan minlərlə sakin dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla, əsil bayram-əhval ruhiyyəsi ilə, gül-çiçəklə qarşıladılar.
Prezident İlham Əliyev Heydər Parkında ucaldılmış ulu öndərin abidəsini ziyarət etdi. Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoydular və parka tamaşa etdilər. Müəllifi xalq rəssamı Natiq Əliyev olan abidənin hündürlüyü postamentlə birlikdə 6 metrdir. 5 hektar ərazisi olan parkda sakinlərin istirahəti üçün lazımi şərait yaradılmışdır.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri qarşısında nitq söylədi.