Gədəbəydə şəhid ailələri ilə görüş olub
Bakı, 19 iyun, AZƏRTAC
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iyunun 19-da Gədəbəy rayonu Səbətkeçməz kəndində 44 günlük Vətən müharibəsinin şəhidləri Bəybala Əliyevin, Elvin Mustafayevin və Kənan Müzəffərlinin ailələri ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, şəhidlərimizin ailə üzvləri igid övladları barədə fəxrlə söz açaraq qəhrəmanlarımızın uşaqlıq illərindən, keçdikləri döyüş yollarından danışıblar, onlarla bağlı xatirələrini dilə gətiriblər.
Qeyd edək ki, Vətən müharibəsində iştirak etmiş Bəybala Əliyev Murovdağ istiqamətində, Elvin Mustafayev və Kənan Müzəffərli Zəngilan rayonu uğrunda gedən döyüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda şücaətlə döyüşərək şəhidlik məqamına yüksəliblər.
Adil Əliyev şəhidlərimizin ailə üzvlərinə bildirib ki, müqəddəs amal yolunda - Vətənin düşmən işğalından azad edilməsi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq. O, şəhidlərimizin xatirəsini ehtiramla anaraq vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuzun tərkibində döyüşən şəhidlərimizin fədakarlıqları sayəsində torpaqlarımız düşmən işğalından azad olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Milli Məclis sədrinin müavini şəhidlərimizin ailələrinə səbir diləyib, qayğıları və problemləri ilə maraqlanıb.
Şəhidlərimizin ailə üzvləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqətə, qayğıya görə minnətdarlıqlarını bildiriblər.