İQTİSADİYYAT
Gədəbəyin Pərizamanlı kəndində yeni su xətti istifadəyə verilmişdir
Gədəbəy, 26 avqust (AZƏRTAC). “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Gədəbəy rayonunun Pərizamanlı kəndinin içməli su problemini həll etmişdir.
Kəndin çətin coğrafi şəraitdə yerləşməsinə baxmayaraq, burada sutoplayıcı sistem, 3 ədəd anbar və nasosxana inşa edilmiş, müxtəlif diametrli borularla 12 kilometr uzunluğunda yeni si xətti çəkilmişdir. Bununla da Pərizamanlının 720 sakini təmiz bulaq suyu ilə təmin olunmuşdur.
AZƏRTAC xəbər verir ki, su xəttinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov, “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov və başqaları çıxış edərək “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması üçün görülən işlərdən danışmışlar. Gədəbəy rayonunun Pərizamanlı kəndinə çəkilən içməli su xətinin bu proqramın davamı olduğu diqqətə çatdırılmışdır.