REGİONLAR
Gələcək vətənpərvər və sağlam gənclərindir
Yevlax, 1 iyun, AZƏRTAC
“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi Yevlax şəhər 1 və 2 nömrəli tam orta məktəblərdə “Gələcək vətənpərvər və sağlam gənclərindir!” adlı tədbirlər keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Yevlax Şəhər Komissiyasının köməkliyi ilə keçirilən tədbirlərdə təhsil, səhiyyə şöbələrinin, gənclər və idman idarəsinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadları, QİÇS və sair təhlükəli xəstəliklər barədə geniş məlumat verib, gələcəyimiz olan gənclərin vətənpərvər ruhda tərbiyə olunması, Vətənə layiqli övlad kimi böyümələri üçün sağlam olmaları barədə söhbətlər aparılıb.
Sonra şagirdlərə “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən hazırlanmış xüsusi geyim formaları, bukletlər paylanıb.