İQTİSADİYYAT
Gələcəkdə beynəlxalq şirkətlərin Transanadolu boru kəməri layihəsində iştirakı məsələsinə baxıla bilər
Bakı, 4 dekabr (AZƏRTAC). Gələcəkdə beynəlxalq şirkətlərin Transanadolu boru kəməri layihəsində iştirakı məsələsinə baxıla bilər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sərmayələr İdarəsinin rəisi, “Petkim” idarə heyətinin rəhbəri Vaqif Əliyev Türkiyə ilə imzalanmış müqaviləyə əsasən mövcud BOTAŞ sistemi vasitəsilə 16 milyard kubmetr təbii qazın nəqlinin nəzərdə tutulduğunu bildirmişdir. O demişdir ki, bunun 6 milyard kubmetrinin Türkiyə, 10 milyard kubmetrinin isə Avropaya ixracı planlaşdırılır.
V.Əliyev BOTAŞ-ın mövcud sisteminin daha çox daxili bazar məqsədli olduğunu, eyni zamanda, bunun irihəcmli ixrac üçün uyğun hala gətirilməsinin lazım olduğunu diqqətə çatdırmışdır.
Türkiyə ilə Azərbaycanın birgə inşa edəcəyi Transanadolu boru kəmərindən bəhs edən V.Əliyev qeyd etmişdir ki, bu boru kəmərinin nəqletmə gücünün 21 milyard kubmetr olacağını düşünürük. Aparılan işlər bunu tam dəqiqləşdirəcəkdir. Bu boru kəmərinin inşası ilə “Şahdəniz-2” layihəsi çərçivəsində, həmçinin digər yataqlardan çıxarılacaq qazın həm Türkiyənin ehtiyaclarının qarşılanması, həm də Avropaya nəqli üçün imkanlar yaratmaq istəyirik. Bu layihədə Azərbaycan tərəfini ARDNŞ, Türkiyə tərəfini də böyük ehtimalla BOTAŞ təmsil edəcəkdir. Amma digər türk şirkətlərinin də bu layihədə iştirakı mümkündür.
ARDNŞ rəsmisi demişdir ki, işlərə bizim rəhbərliyimizlə başlayacağıq, sonradan beynəlxalq şirkətlərin bu boru xətti layihəsinə daxil olmasına baxılacaqdır. 2012-ci ilin iyun və ya iyul ayında birgə şirkət yaratmaq və bir sıra işləri tamamlamaq niyyətindəyik. Çox vaxt itirmək istəmirik. Çünki “Şahdəniz-2” layihəsi çərçivəsində ilk qazın 2017-ci ildə çıxarılması planlaşdırılır. Buna görə də Transanadolu boru kəmərinin 2017-ci ildə işlək vəziyyətdə olması lazımdır.
Transanadolu boru kəməri layihəsinin 6-7 milyard dollara başa gələcəyinin təxmin edildiyini, layihənin Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıdığını ifadə edən V.Əliyev Azərbaycanın təbii qaz yataqlarından çıxarılan qazın Avropaya ixracı üçün planlaşdırılan “Nabukko” layihəsində bəzi həll edilməmiş məsələlərin hələ də qaldığını bildirmişdir. “Qaz istehsalçısı ölkəsi olaraq gələcəyimizi yalnız bu layihə ilə bağlaya bilməzdik, daha geniş və müxtəlif variantlara baxmaq məcburiyyətindəydik”, - deyən V.Əliyev Transanadolu boru kəməri layihəsinin “Nabukko”ya qarşı olmadığını da vurğulamışdır. O əlavə etmişdir ki, bu gün masa üzərində artıq üç layihə vardır. Bu layihələr müqayisə ediləcək və hansı layihə uyğun olacaqsa, o da seçiləcəkdir.