İQTİSADİYYAT
“Gələcəyimizi sığortalayaq” adlı layihənin icrasına başlanmışdır
Bakı, 22 aprel (AZƏRTAC). “Başak-İnam Sığorta Şirkəti” ASC və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “Gələcəyimizi sığortalayaq” adlı layihənin icrasına başlamışdır.
İki qurum arasında tələblərin sığorta sahəsində maarifləndirilməsi, biliklərə yiyələnərək gələcəkdə işlə təmin olunma imkanlarının yaradılması, özəl sektorda təcrübə imkanlarının dəstəklənməsi sahələrində əməkdaşlıq məqsədi ilə bir illik protokol imzalanmışdır.
Layihə çərçivəsində I, II, III kurs tələbələri pulsuz təlimlər keçmək, təcrübə qazanmaq, iş yeri tapmaq imkanları qazanacaqlar. Layihənin ilkin mərhələsi aprelin sonundan başlayaraq bir ay davam edəcəkdir. Tələbələr həftədə iki dəfə olmaqla təlimlər keçəcəklər.
Təlimlərin sonunda imtahanda müvəffəqiyyət qazananlara sertifikat veriləcəkdir.