ELM VƏ TƏHSİL
“Gələcəyin qurucuları-II” yay liderlik məktəbi yekunlaşıb
Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının (ADPU TGT), “LEAD Education” Tədris Mərkəzinin və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi ilə ADPU-nun Quba filialında keçirilən “Gələcəyin qurucuları-II” adlı yay liderlik məktəbinə yekun vurulub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, bağlanış mərasimində tələbələrlə iş şöbəsinin müdiri Sahil Qələndərov, TGT sədri Nurlan Hüseynov, ADPU-nun Quba filialının direktor müavini Aysel Şeydayeva, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov və “LEAD Education” Tədris Mərkəzinin nümayəndəsi Eltac Cəbiyev çıxış ediblər.
Çıxışlarda proqram xarakteri alan layihənin davamlı olacağı bildirilib. Sonra iştirakçı tələbələr təəssüratlarını bölüşüblər.
Sonda komanda üzvləri mükafatlandırılıb.