SİYASƏT
GƏLƏN İL BAKIDA DİNİ KONFESSİYALARIN RƏHBƏRLƏRİNİN ZİRVƏ TOPLANTISI KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq tolerantlıq günü münasibətilə Qafqaz Müsəlmanları İdarəsində keçirilmiş mətubat konfransındakı çıxışında bildirmişdir ki, dini konfessiyaların rəhbərlərinin dinlərarası dialoqu gələn ilin oktyabr ayında Bakıda ən yüksək səviyyədə davam etdiriləcəkdir.
2006-cı il Moskva sammitinin davamı olacaq həmin görüşdə Roma Papası XVI Benediktin, Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksinin və başqalarının iştirak edəcəyi gözlənilir.
A.Paşazadə vurğulamışdır ki, həmin zirvə görüşünün keçirilməsi üçün ölkəmizin paytaxtının seçilməsi xalqımızın tolerantlığının və Prezident İlham Əliyevin düzgün siyasətinin etirafının təsdiqidir.