İQTİSADİYYAT
Gələn il Gəncədəki “DET-AL” alüminium kompleksinin istehsal gücü 100 min tona çatdırılacaqdır
Gəncə, 10 fevral (AZƏRTAC). Təməli Prezident İlham Əliyev tərəfindən qoyulan Gəncədəki “DET-AL” alüminium kompleksi ilk məhsulunu keçən il istehsal etmişdir. 700 nəfərin çalışdığı müəssisədə ilin sonunadək 50 min ton yüksək keyfiyyətli məhsul istehsal olunmuşdur.
Müəssisənin direktoru Cəmil Səfərov AZƏRTAC-a demişdir ki, Azərbaycanda alüminium sənayesinin əsası Gəncədə fəaliyyət göstərən “DET-AL” alüminium kompleksində qoyulmuşdur. Öz xassələrinə görə dünyada müasir texnikanın əsas material bazası hesab olunan alüminiumun istehsalının qaydaya salınması ölkəmizdə iqtisadi sahədə həyata keçirilən ən uğurlu layihələrdəndir. Ekoloji cəhətdən ən yüksək keyfiyyətli texnoloji avadanlığın quraşdırıldığı müəssisədə bütün istehsal prosesinə avtomatik idarəetmə sistemi ilə nəzarət olunur.
Bildirilmişdir ki, müəssisədə istehsal olunan xammalın çeşidlərinin artırılması və xammaldan yarımfabrikata keçilməsi üçün hazırda burada iki yeni müəssisə - fasiləsiz yayma və təzyiqlə emal zavodları inşa edilir. Bu müəssisələr işə düşdükdən sonra qalınlığı 0,15 millimetrdən 8 millimetrədək, eni isə 200 millimetrdən 1650 millimetrədək olan rulon şəkilli alüminium lövhələr istehsal olunacaqdır. Ümumilikdə isə gələn ilin sonunadək müəssisədə 100 min ton məhsul istehsalı nəzərdə tutulmuşdur.