REGİONLAR
Gələn il Neftçalada pambıq sahələri 10 dəfəyədək artırılacaq
Neftçala, 20 sentyabr, Mahir Babayev, AZƏRTAC
Neftçala Rayon İcra Hakimiyyətində sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı ilə bağlı keçirilən respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunan yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, fermerlər, pambıq istehsalçıları, təsərrüfat rəhbərləri, bələdiyyə sədrləri və kənd inzibati ərazi nümayəndələrinin iştirak etdikləri mərasimdə rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev rayonda pambıqçılıq sahəsində mövcud vəziyyətdən bəhs edib. Prezident İlham Əliyevin respublikamızda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının strateji sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə pambıqçılığın sürətli inkişafına əlverişli şərait yaratdığını diqqətə çatdıran İ.Vəliyev, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən layihələrdən də söz açıb.
Vurğulanıb ki, 2016-cı ildə rayon üzrə 1541 hektarda pambıq əkilib. Bunun da 1089 hektarı xüsusi mülkiyyətə, 200 hektarı dövlət torpaq fonduna, 252 hektarı isə bələdiyyə mülkiyyətinə aid torpaqlardır. Bu torpaq sahələrinin mülkiyyətçiləri ilə “MKT-Salyan” və “CTS Aqro” MMC-nin Salyan pambıq istehsalat və tədarükü məntəqəsi arasında müqavilələr bağlanıb. Müqavilə şərtlərinə əsasən pambığın becərilməsində və yığılmasında zəruri tədbirlər görülüb. Pambıq sahələri aqrotexniki qaydada becərilib, suvarma suyu ilə təmin edilib və nəticədə sahələrdə bol məhsul yetişib. Bu günə kimi sahələrdən 200 tondan çox pambıq yığılaraq “MKT-Salyan” və “CTS Aqro” MMC-nin Salyan pambıq istehsalat və tədarükü məntəqəsinə təhvil verilib. Pambığın becərilməsi, yığılması və daşınmasında 100-dən çox kənd təsərrüfatı texnikasından istifadə edilir. Yığıma, ümumilikdə, 2184 nəfər işçi qüvvəsi cəlb edilib ki, bu da öz növbəsində, əhalinin məşğulluq səviyyəsinə müsbət təsir göstərir. Hazırda sahələrdə pambıq yığımı davam etdirilir.
Diqqətə çatdırılıb ki, 2017-ci ildə rayonda 10100 hektar torpaq sahəsində pambıq əkilməsi nəzərdə tutulub. Bu torpaqların böyük qismi xüsusi mülkiyyətdə olan torpaqlardır. Həmin torpaq sahələrində suvarmanın müntəzəm qaydada həyata keçirilməsini, pambığın aqrotexniki qaydada becərilməsini nəzərə alaraq, növbəti ildə 27-30 min ton pambıq yığılması planlaşdırılır.
Yığıncaqda pambıqçılıq təsərrüfatlarının rəhbərləri və fermerlərin təklifləri dinlənilib, qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların rəhbərlərinə göstərişlər verilib.