ELM VƏ TƏHSİL
Gənc alim və mütəxəssislərin dördüncü qrant müsabiqəsi elan olunub
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə Gənclər və İdman Nazirliyi tərəfindən gənc alim və mütəxəssislərin dördüncü birgə qrant müsabiqəsi (“Mənim ilk qrantım”) elan olunub.
EİF-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqə Azərbaycanda təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət daşıyan fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alimlərin, bir elmi mövzunun tədqiqi məqsədilə gənc alimlər tərəfindən yaradılan müvəqqəti yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən, elmi tədqiqatlarla əlaqəli digər qurumlarda (nazirliklərin nəzdindəki elmi-tədqiqat institutları, dövlət qurumları və s.) çalışan gənc alim və mütəxəssislərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı verilməsi məqsədilə keçirilir. Bu müsabiqə ölkədə elmin inkişaf prioritetlərinə uyğun olaraq, Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq 2011-2015-ci illərdə EİF tərəfindən keçirilmiş Gənc alim və mütəxəssislərin birinci, ikinci və üçüncü qrant müsabiqələrinin uğurlarını, həmçinin iki qurum arasında 2017-ci il mayın 22-də imzalanan Protokolun müddəalarını nəzərə almaqla təşkil ediləcək.
Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il mayın 30-dan iyunun 30-u saat 17.00-dək qəbul olunacaq. Nəticələrin payızda açıqlanması planlaşdırılır.
Bu qrantlar yalnız ilk dəfə qrant üçün müraciət edən gənc alim və mütəxəssislərə veriləcək. EİF-nun əvvəlki və cari qrant layihələrinin rəhbər və icraçıları bu müsabiqədə iştirak edə bilməzlər. Bu qrantlar Azərbaycan vətəndaşı olan və hazırda ölkədə elmi yaradıcılıq fəaliyyəti ilə məşğul olan gənc alim və mütəxəssislərdən təşkil olunan müvəqqəti elmi yaradıcı kollektivlər tərəfindən təqdim edilən layihələrə verilir. Layihələrin icra müddəti bir ildir.
Müsabiqəyə layihələr EİF-nun yaratdığı və innovativ texnologiya olan “e-QRANT” - “Qrant layihələrinin Elektron İdarə olunması Sistemi” (http://e-grant.sdf.gov.az/) vasitəsilə təqdim edilə bilər. Bu sistem elektron-hökumət prinsipləri əsasında qurulub və “ASANİmza”dan istifadəni də nəzərdə tutur. “Asanİmza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “virtual şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.
Layihələrin qəbulu üçün nəzərdə tutulan müddətdə qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat EİF-in internet səhifəsində dərc olunacaq.