REGİONLAR
Gənc alim və rezidentlər müasir tibbin yeniliklərini müzakirə ediblər
Gəncə, 30 aprel, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” 2016-cı il 24 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin Tədbirlər Planını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, həmin plana uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) birgə təşkilatçılığı ilə Gəncədə “Gənc alim və rezidentlərin elmi-praktik konfransı” keçirilib.
Konfransın plenar iclasında ADHTİ-nin rektoru, professor Nadir Qasımov son illər Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində yeni tikilən, müasir avadanlıqla təchiz olunan tibb ocaqlarından danışıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva bildirib ki, ölkə Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamın icrasını təmin etmək məqsədilə keçirilən “Gənc alim və rezidentlərin elmi-praktik konfransı” şəhərin səhiyyə işçilərinin biliklərinin artırılmasına dəyərli töhfəsini verəcək.
Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov konfrans iştirakçılarına Gəncə şəhərində fəaliyyət göstərən tibb müəssisələri barədə ətraflı məlumat verib. Bildirilib ki, Gəncədə yeni səhiyyə ocaqlarının tikilməsi, əsaslı təmir olunması əhaliyə daim rahat və peşəkarlıqla xidmət göstərməyə kömək edir.
ADHTİ-nin gənc əməkdaşları və rezidentlər təbabətin müasir problemlərinə həsr olunmuş məruzələrlə çıxış ediblər.
Konfransda tibb elminin müxtəlif sahələrində aparılan elmi-tədqiqat işlərinin nəticələri, müasir standartlar və bu kimi digər məsələlər ətrafında əhalinin sağlamlığının qorunmasına, tibbi xidmətin keyfiyyətinin artırılmasında səmərəli olan fikir mübadiləsi aparılıb.
Sonda ADHTİ-nin aparıcı mütəxəssislərinin kitabları konfrans iştirakçılarına təqdim edilib.