ELM VƏ TƏHSİL
Gənc alimlərin üçüncü respublika innovativ ideya yarmarkası Azərbaycan gəncliyinin rəqabətədözümlü kadr potensialını formalaşdırır
Bakı, 16 sentyabr (AZƏRTAC). Gənc alimlərin üçüncü respublika innovativ ideya yarmarkası Azərbaycan gəncliyinin rəqabətədözümlü kadr potensialını formalaşdırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 16-da Bakıda keçirilən gənc alimlərin üçüncü respublika innovativ ideya yarmarkasında iştirak edən Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov demişdir.
İ.Orucov qeyd etmişdir ki, ölkəmizdə elm və gənclər sahəsində dövlət siyasəti uğurla davam etdirilir və bu siyasətin hədəfində biliklilər cəmiyyətinin formalaşdırılması, elmə əsaslanmış iqtisadiyyatın qurulması dayanır. O, üçüncü dəfə keçirilən bu tədbirdə təkcə Bakıda fəaliyyət göstərən elmi-tədqiqat və ali təhsil müəssisələrindən deyil, həm də regionlardakı ali təhsil müəssisələrində çalışan gənc alimlərin də iştirak etdiyini və bunun müsbət hal olduğunu söyləmişdir.
Yarmarkada dörd gün ərzində 203 gənc alimin təqdimatı olacaq və onlar ən yeni innovativ ideyalarını bir-birləri ilə paylaşacaqlar.
İ.Orucov əsas yeniliklərin və innovativ ideyaların müxtəlif dövlət qurumlarına, biznes strukturlarına təqdim olunacağını da bildirmişdir. Yarmarka gənc alimlərin elmi yeniliklərinin kağız üzərindən real həyata vəsiqə qazanmasına imkan verəcəkdir.