MƏDƏNİYYƏT
GƏNC AŞIQLARIN IV MÜSABİQƏSİNİN QALİBLƏRİNƏ MÜKAFATLAR TƏQDİM OLUNMUŞDUR
Respublika Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən gənc aşıqların aşıq Şəmşir adına IV ümumrespublika müsabiqəsinə yekun vurulmuşdur.
Bu münasibətlə Gəncə Dövlət Dram Teatrında keçirilən mərasimdə çıxış edənlər ölkəmizdə el sənətinin, milli musiqi dəyərlərimizin qorunub inkişaf etdirilməsində görülən işlərdən danışmış, festivalın keçirilməsini bu sahədə atılan növbəti addım kimi qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, 2003-cü ildən keçirilən müsabiqəyə maraq daha da artdığından IV müsabiqəyə respublikamızın 37 rayonundan 83 iştirakçı qatılmışdı.
Sonra müsabiqənin 9 qalibinə Mədəniyyət və Turizm Nazirliyinin Diplomları və həvəsləndirici mükafatları təqdim olunmuşdur.
Tədbir müsabiqə iştirakçılarının böyük konsert proqramı ilə başa çatmışdır.