MƏDƏNİYYƏT
Gənc azərbaycanlı pianoçular beynəlxalq müsabiqənin qalibi olmuşlar
Bakı, 8 noyabr (AZƏRTAC). Macarıstan paytaxtında məktəbli və yeniyetmələr arasında “Budapeştin ulduzları” adlı beynəlxalq müsabiqə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, 10-dan çox ölkədən musiqiçilərin iştirak etdikləri müsabiqədə Azərbaycanın gənc pianoçuları uğurla yarışmışlar.
Müsabiqənin nəticələrinə əsasən, R.Hacıyev adına 11 illik musiqi məktəbinin şagirdləri Rahib İsgəndərov, Kamil Həsənov, Emin Əhmədzadə, Jalə Mailova birinci, Nərmin Əliyeva ikinci yerlərə sahib olmuşlar.
Musiqi yarışmasında, həmçinin Bakı Musiqi Akademiyasının tələbəsi İlahə Ağasoy ikinci, Azərbaycan Milli Konservatoriyasının nəzdində olan Musiqi kollecinin tələbəsi Həmidə Ağasoy üçüncü yerlərə layiq görülmüşlər.
Azərbaycanın gənc pianoçularının müsabiqədə iştirakı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdir.