CƏMİYYƏT
“Gənc Əkinçi” Akademiyası layihəsinin yenidən icrasına start verilir
Bakı, 10 yanvar, AZƏRTAC
“İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc Əkinçi” Akademiyasının yenidən icrasına start verir.
AZƏRTAC xəbər verir ki, 2015-ci ildə İsmayıllı rayonunda keçirilmiş layihənin davamı olaraq, Quba rayonunda reallaşdırılacaq “Gənc Əkinçi-2” gənc jurnalistlərin peşəkarlıq qabiliyyətinin artırılmasına, yeni əlaqələrin qurulmasına, asudə vaxtlarının səmərəli təşkilinə şərait yaradacaq. Başlıca hədəflərdən biri də “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın zəngin ənənələrinin gənclər arasında təbliğidir.
“Gənc Əkinçi” qəzetinin ilk nömrəsi 2015-ci il iyulun 22-də 4 min tirajla dərc olunub. Layihənin davamı olaraq, həyata keçiriləcək akademiyada yeni gənc jurnalistlər komandası tərəfindən “Gənc Əkinçi” qəzetinin növbəti nömrələrinin dərc edilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində peşəkarlar tərəfindən gənclərə “Azad iradəli əkinçi”, “Natiqlik və nitq mədəniyyəti”, “Araşdırma jurnalistikası”, ”Münaqişə tərəfi Azərbaycan”, “KİV-də texnikanın rolu”, “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənc jurnalistlərin rolu”, “Sosial media və ya ənənəvi media” kimi mövzularda təlim və seminarlar keçiriləcək. Eyni zamanda, praktiki məşğələlər, simulyasiya oyunları gənc jurnalistlər üçün yeni stimul yaradacaq. Yanvarın sonunda reallaşdırılacaq layihə çərçivəsində, həmçinin “Gənc Əkinçi” qəzetinin növbəti nömrəsinin hazırlanması nəzərdə tutulur.