“Gənc Elçilər” proqramına start verilir
Bakı, 24 oktyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənc Elçilər” proqramına start verilir.
Şuradan AZƏRTAC-a bildiriblər ki, proqramın əsas məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək gənc elçilərin yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsidir.
Qeyd edək ki, proqramda iştirak haqqı qazanan 15 gənc ilkin olaraq ölkə ilə bağlı siyasi, iqtisadi və mədəni sahədə, həmçinin beynəlxalq etiket və protokol qaydaları mövzularında maariflənəcəklər.
Proqram çərçivəsində beynəlxalq əlaqələr və diplomatiya, Azərbaycan tarixi və mədəniyyəti, şəxsi inkişaf, gənclərlə iş, zamanın düzgün idarəedilməsi, ünsiyyət və bədən dili, layihələrin yazılması və idarə edilməsi mövzuları üzrə təlimlər keçiriləcək.
Qeyd edək ki, proqram iştirakçıları 18-29 yaşlı Azərbaycan Respublikası vətəndaşları, ingilis dilində sərbəst danışıq qabiliyyətinə malik (əlavə dil biliyi üstünlükdür), Ali təhsil müəssisələrində təhsil alan və ya məzun olmuş, yüksək şəxsi keyfiyyətlərə və beynəlxalq təcrübəyə sahib, proqramın bütün fəaliyyət dövründə iştirak etmək imkanına malik gənclər olmalıdır.
Gənclər “Gənc Elçilər” proqramına qoşularaq diplomatiya və təmsilçiliklə bağlı təlim və seminarlarda iştirak edərək məlumatlanma, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərə qatılmaq imkanı, müvafiq sahədə şəxsi və peşəkar bacarıqların artırılması, beynəlxalq tədbirlərdə ölkəni təmsil etmək fürsəti, peşəkar və mehriban komandanın, “Gənc Elçilər Şəbəkəsinin” üzvü olmaq şansı əldə edəcəklər.
Proqramda iştirak etmək üçün https://forms.gle/6nvVfBiX5xV6L6k69 lindən qeydiyyatdan keçmək lazımdır.
Müraciət üçün son tarix oktyabrın 28-dir.