İDMAN
Gənc güləşçilərimiz Antalyada doqquz medal qazanıblar
Bakı, 25 may, AZƏRTAC
Antalyada Mithat Bayrak və İsmət Atlının xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında 18-ci beynəlxalq turnirə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnirin sonuncu günündə güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıblar.
Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Kərim Cəfərov bürünc medala sahib olub. Gənc qızların mübarizəsində isə Səbirə Əliyeva (72 kq) bütün rəqiblərindən üstün olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, güləşçilərimiz Antalyada keçirilən turniri ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurublar.
Sərbəst güləşçilərimizdən Teymur Məmmədov (66 kq) qızıl, Murad Süleymanov (74 kq) gümüş, yunan-Roma güləşçilərimizdən Nofəl Babayev (50 kq) qızıl, Cavid Feyziyev (120 kq) gümüş, Mikayıl Rəhmanov (55 kq) və Kərim Cəfərov (60 kq) bürünc, gənc qızlardan isə Səbirə Əliyeva (72 kq) qızıl, Türkan Nəsirova (48 kq) və Almaz İsmayılova (55 kq) bürünc medal qazanıblar.
Komanda hesabında sərbəst güləşçilərimiz 3-cü yerdə qərarlaşıb.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov təmsil edib.