CƏMİYYƏT
Gənc jurnalistlər üçün “Həyəcan siqnalı-2” layihəsinin icrasına start verilib
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da gənc jurnalistlər üçün “Həyəcan siqnalı 2” layihəsinin icrasına start verilib. Dekabrın 12-dək davam edəcək layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Müdafiə Nazirliyinin, Mətbuat Şurasının, “Sağlam Düşüncə” Gənclər Təşkilatının dəstəyi ilə reallaşır.
AZƏRTAC xəbər verir ki, layihə Azərbaycanda jurnalistikanın inkişafına töhfə verərək, gənc jurnalistlərin hərbi sahədə biliklərini artırmaq, onları hərbi əməliyyatlar zamanı informasiyanın cəmiyyətə düzgün çatdırılması ilə bağlı maarifləndirmək məqsədi daşıyır.
“Həyəcan Siqnalı 2” layihəsinin rəhbəri Türkan Nadirqızı çıxış edərək nəzərdə tutulan işlərdən danışıb. Bildirib ki, layihə çərçivəsində 25 gənc jurnalistə “Son dövrün ekstremal jurnalistika təcrübəsi”, “Müxbirin ekstremal şəraitdə davranış metodları”, “Müharibə jurnalistikasının qaydaları ilə bağlı nəzəri və praktiki bilikləri” və s. mövzularda təlimlər keçiriləcək. Təlimlərdə ekstremal şəraitdə jurnalistlərin özünü qoruması, cəmiyyətə düzgün informasiya çatdırması qaydaları barədə məlumat veriləcək.
Sonda layihə ilə bağlı hazırlanan videoçarxın təqdimatı olub.