CƏMİYYƏT
“Gənc Kooperatorların V Liderlik Məktəbi”nin açılış mərasimi keçirilib
Bakı, 28 aprel, AZƏRTAC
Nərimanov rayonunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Kooperasiya Universitetinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Gənc Kooperatorların V Liderlik Məktəbi”nin açılış mərasimi və ilk təlimi keçirilib.
Nərimanov Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində tələbələr və fəal gənclər iştirak ediblər.
Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Nərimanov Rayon Bələdiyyəsinin üzvü Tamerlan Əkbərov çıxış edərək tədbir iştirakçılarına layihənin məqsədi haqqında məlumat verib. O qeyd edib ki, iki gün keçiriləcək Gənc Kooperatorların V Liderlik məktəbində müəyyən təlimçilərin iştirakı ilə gənclər arasında təbliğat işlərinin aparılması, liderlik duyğularının üzə çıxarılması nəzərdə tutulub.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov vurğulayıblar ki, ölkəmizdə əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və müasir günümüzdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti daha dinamik, müasir və çoxşaxəli proqramlarla davam etdirilir. Bu sahədə aparılan uğurlu və məqsədyönlü siyasət gənc liderlərin yetişdirilməsi üçün maksimum münbit şərait yaradır. Bu gün Azərbaycan gəncləri yüksək bacarıqlarını göstərərək intellektual səviyyədə fərdi şəkildə inkişaf edirlər. Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin öncüllərindən olub. Gənclər daim respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edib, beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edib, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlib. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında və beynəlxalq əməkdaşlığın inkişafında fəal rol oynayıb. Hər bir müəssisənin, kollektivin, təşkilatın uğuru ona rəhbərlik edən şəxsin liderlik bacarığından çox asılıdır. “Gənc Kooperatorların V Liderlik Məktəbi” çərçivəsində də məhz liderlik bacarıqlarının gənclər arasında təsbit olunması nəzərdə tutulub.
Sonda ekspertlər tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılıb.