CƏMİYYƏT
Gənc liderlər üçün yay məktəblərinin II Lerik turunun iştirakçıları yola salınıb
Bakı, 15 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının təşkil etdiyi gənc liderlər üçün yay məktəblərinin II Lerik turunun iştirakçıları yola salınıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP icra katibliyinin İşlər idarəsinin müdiri Mahir Abbasəliyev ikinci turda layihə çərçivəsində təşkil ediləcək müxtəlif seminarlar, təlimlər, diskussiyalar, interaktiv, intellektual və əyləncəli oyunlar haqqında məlumat verib. Qeyd edib ki, yay məktəbində gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək. Nəzərdə tutulmuş proqrama uyğun olaraq layihə çərçivəsində partiyanın fəaliyyəti, gördüyü işlər barədə geniş məlumatlar veriləcək, eləcə də gəncləri maraqlandıran müxtəlif tədbirlər təşkil olunacaq.
Sonra gənclər Lerik rayonuna yola düşüblər.