İQTİSADİYYAT
Gənc memarın borulardan hazırladığı kreativ oturacaq müsabiqədə 1-ci yerə layiq görülüb
Bakı, 28 oktyabr, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsi Məryəm Kocayevanın “Oturacaqlar” layihəsi “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən tələbə və gənc memarların müsabiqəsində 1-ci yerə layiq görülüb.
Müsabiqə tanınmış memar Kamal Musaxanovun təşəbbüsü ilə təşkil olunmuşdu. Müsabiqə iştirakçılarına müxtəlif tikinti materiallarından istifadə edilməklə maraqlı və orijinal layihə hazırlamaq təklif edilmişdi.
AZƏRTAC-a müsahibə verən Məryəm Kocayeva bildirib ki, ağlına gələn ilk ideya iriölçülü kanalizasiya borularından kreativ oturacaqlar hazırlamaq olub. İdeya Kamal Musaxanovun da xoşuna gəlib. Çünki Bakıda belə oturacaqlar hələ ki, yoxdur.
Onun sözlərinə görə, uzunluğu 2-3 metr olan kanalizasiya borularını kəsib spiral formasında oturacaqlar düzəltmək mümkündür. Belə rahat oturacaqların digər özəlliyi ondadır ki, burada nəinki oturmaq, həm də uzanmaq olar. Oturacaqlar butanı xatırladır. Gənc memarın fikrincə, müsabiqədə 1-ci yeri qazanmağının əsas səbəbi kreativlik olub.
M.Kocayeva diplom işinin də çox maraqlı olduğunu söyləyib: “Diplom işimin rəhbəri Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadədir. “Media mərkəz” adlanan layihədə bütün proseslər elektronlaşdırılıb. Burada elə müasir kitabxana yaradılacaq ki, hər bir insan istədiyi informasiyanı əldə edə bilsin. Oxucu hansısa kitabı, qəzet və jurnalı oxumaq istəsə, sadəcə kompüterdə lazımi düyməni basacaq. Həmin dəqiqə arzuladığı nəşr xüsusi borular vasitəsilə ona çatdırılacaq. Sonda yenə də müvafiq düyməni basmaqla, qəzet və jurnallar borular vasitəsilə əvvəlki yerinə qayıdacaq”.
Gənc memarın “Media mərkəz”i layihəsində həmçinin foto və rəsm studiyalarının fəaliyyət göstərəcəyi nəzərdə tutulub. “İstəyirəm ki, bu mərkəz gənclərin intellektual inkişafına yardım etsin. Burada yaradılacaq sinif otaqlarında gənclərimiz musiqi, incəsənət və digər sahələrlə bağlı biliklərə sahib olsunlar”, - deyə M.Kocayeva bildirib.