İQTİSADİYYAT
“Gənc Mühasiblər” İctimai Birliyi yeni layihə həyata keçirməyə hazırlaşır
Bakı, 7 oktyabr (AZƏRTAC). “Gənc Mühasiblər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III qrant müsabiqəsi çərçivəsində “Gənc sahibkarların biznes bacarıqlarının inkişafına yardım göstərilməsi” layihəsi ilə uğur qazanmışdır.
Gənc Mühasiblər Birliyindən AZƏRTAC-a bildirmişlər ki, üç ay davam edəcək layihənin məqsədi gəncləri sahibkarlıq fəaliyyəti barədə məlumatlandırmaq, onların biznes bacarıqlarının artırılmasına yardım göstərmək və bu sahədə şəxsi fikir və düşüncələrini öyrənməkdən ibarətdir. Gəncləri Azərbaycanın gələcək inkişafında daha fəal rol oynamağa sövq etmək, ölkədə kiçik və orta sahibkarlığın inkişafına və sağlam biznes mühitinin formalaşmasına şərait yaratmaq da layihə çərçivəsində həll ediləcək məsələlər sırasındadır.
Layihə çərçivəsində Qəbələdə gənc sahibkarlar üçün təlimlərin keçirilməsi və gənc sahibkarlar forumunun təşkili planlaşdırılır.