MƏDƏNİYYƏT
Gənc musiqiçimiz Finlandiyada Azərbaycanı uğurla təmsil edir VİDEO
Bakı, 8 dekabr, AZƏRTAC
Finlandiyada yaşayan kiçik yaşlı soydaşımız Aylin Cabbarlı populyar fin pop müğənnisi Diandra Flores ilə eyni səhnəni bölüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, gənc sənətçi artıq ikinci dəfədir balaca həmvətənimizi öz konsertinə dəvət edir. Birincisi Finlandiyanın Vanta, ikincisi isə Numella şəhərlərində keçirilən və mindən çox tamaşaçının iştirak etdiyi konsertlərdə Aylin Cabbarlının çıxışı maraqla qarşılanıb.
Aylin Cabbarlı həmyaşıdları ilə birgə konsertdə iki mahnı ifa edib. Konsertin sonunda tamaşaçılar Diandra Flores ilə yanaşı, Aylin Cabbarlıdan da imza istəyiblər. Diandra Flores yaxın gələcək üçün nəzərdə tutulan konsertlərində Aylin ilə birgə çıxış edəcəyinə söz verib.
On iki yaşlı Aylin Cabbarlının ailəsi 10 ildən çoxdur ki, Finlandiyanın Espoo şəhərində yaşayır. Musiqi dərslərini anası Ülviyyə Cabbarlıdan alan Aylin “AzərTürk” Gənclər Təşkilatının nəzdindəki musiqi qrupunun üzvüdür. Bu ilin oktyabrında Finlandiyada keçirilən “Uşaqların səsi” musiqi yarışmasına qatılan Aylin Cabbarlı yarımfinaladək uğurla çıxış edib. O, müsabiqənin münsiflər heyətində olan Diandra Floresin komandasında yarışıb.