SİYASƏT
“GƏNC RUSİYALI HƏMVƏTƏNLƏRİN YAŞADIQLARI ÖLKƏYƏ İNTEQRASİYASI” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
Bakı, 17 oktyabr (AZƏRTAC). Rusiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə oktyabrın 17-də Beynəlxalq “Ramada” mərkəzində “Gənc rusiyalı həmvətənlərin yaşadıqları ölkəyə inteqrasiyası” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Xaricdə yaşayan rusiyalıların III Dünya Konqresinə hazırlıqla əlaqədar keçirilən konfransda Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, Milli Məclisin deputatı, Azərbaycanın rus icmasının rəhbəri Mixail Zabelin, Yazıçılar İttifaqının üzvü Alina Talıbova, Azərbaycanda yaşayan rus icmasının nümayəndələri, tələbələr və jurnalistlər iştirak etmişlər.
Konfransın əsas məqsədi gənclərin yaşadıqları ölkədə inteqrasiya proseslərinə cəlb olunmasının sürətləndirilməsi, mədəniyyət, təhsil, informasiya sahələrində əməkdaşlığın gücləndirilməsi, Azərbaycan və Rusiyanın gənclər təşkilatları arasında əlaqələrin yaradılması və hər iki ölkənin mədəniyyəti və ədəbiyyatının təbliğatıdır.
İştirakçıları salamlayan V.Doroxin konfransın əhəmiyyətindən danışmış, hər iki ölkənin gələcək həyatında gənc nəslin mühüm rol oynadığını bildirmişdir. O, Azərbaycanda rus icması üçün hər cür şəraitin yaradıldığını xüsusi məmnunluqla vurğulamışdır.
Tədbirdə çıxış edən digər natiqlər gəncləri yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə çağırmışlar.
######