MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrı “Şirinlər” tamaşası ilə balaca tamaşaçılarını yenidən sevindirəcək
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Pierre Cullifordun “Şirinlər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa növbəti dəfə nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a verilən məlumata görə, əsəri rus dilindən dilimizə çevirən və səhnələşdirən Elşad Rəhimzadədir.
Qeyd edək ki, tamaşada bir-biri ilə mehriban və şən münasibətdə olan Şirinlər ailəsindən bəhs edilir. Lakin belə münasibəti gözü götürməyən Qarqamel kimi şər qüvvəli varlıqlar onların arasına nifaq salmağa çalışırlar. Amma buna baxmayaraq birlik və ağıl bütün pisliklərin qarşısını alır. Tamaşa uşaqlara qarşılıqlı yardımlaşmağı, ailədə mehribançılığı, dostluqda sədaqəti öyrədir, həmçinin darda olan dostlara kömək etmək, humanizm kimi gözəl ideyalar aşılayır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.