MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrının yeni veb-saytı istifadəyə verilmişdir
Bakı, 30 may (AZƏRTAC). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni veb-saytının təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov sayt haqqında ətraflı məlumat vermişdir.
M.Həmidov demişdir ki, teatrın saytı artıq üçüncü dəfədir hazırlanır. Qısa vaxt ərzində yüksək peşəkarlıqla hazırlanmış yeni www.tyuz.az saytı dizaynı, formatı və struktur baxımdan əvvəlkilərdən fərqlənir.
Saytda teatrın yaranma tarixi, teatr sənətinin görkəmli korifeyləri, yaradıcı və bədii heyət haqqında geniş məlumat, teatrın cari repertuarında olan tamaşaların bədii və yaradıcı heyəti, annotasiya və şəkilləri yerləşdirilmişdir. Bundan əlavə, saytda yaradıcı kollektivinin uğurla iştirak etdiyi qastrol səfərləri və beynəlxalq festivallar haqqında məlumatlar, teatrın fəaliyyəti ilə bağlı bütün yeniliklər, kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, aylıq və cari repertuar, teatrın virtual görüntüləri, həmçinin “Teatr və beynəlxalq aləm”, “Müştərək layihələr”, “Videoteka”, “Tərəfdaşlarımız” və digər bölmələr yer almışdır.
Bildirilmişdir ki, sayt daim özündə yenilikləri əks etdirməklə təkmilləşdiriləcəkdir.
Sonda saytın ayrı-ayrı bölmələri tədbir iştirakçılarına təqdim olunmuşdur.