Gəncə Dövlət Universitetində bayram tədbiri
Gəncə, 27 dekabr, AZƏRTAC
Gəncə Dövlət Universitetinin tələbə evində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə çıxış edən rektor Yusif Yusibov qarşıdan gələn bayramlar münasibətilə universitetin kollektivini və tələbələri təbrik edib, ən xoş arzularını çatdırıb. Azərbaycançılıq və milli həmrəylik ideyalarının təşəkkül tarixindən danışan rektor xalqımızın milli həmrəyliyə nail olması, dünyada Azərbaycan diasporunun formalaşması və təşkilatlanması istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıb.
Bildirib ki, 1991-ci ildə Ulu Öndər tərəfindən 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biri olmuşdur. Dünya azərbaycanlıları ilə əlaqələr inkişaf etdirilib, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşdırılmasına kömək göstərilib, soydaşlarımızın tarixi Vətənlə bağlarının gücləndirilməsinə nail olunub. Dövlət müstəqilliyimizlə yaşıd olan bu proses sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, diaspor siyasəti vahid dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib.
Bədii hissədə bayram tortunun kəsilməsi, Yeni ilin personajları olan Şaxta baba və Qar qızın tədbirə gəlməsi hər kəsdə xoş ovqat yaradıb. Müxtəlif musiqi nömrələri və rəqslər bayram tədbirini daha da rəngarəng edib.