REGİONLAR
Gəncə Dövlət Universitetində “UNİVİA” layihəsinin icrasına başlanılıb
Gəncə, 20 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Universitetində “UNİVİA - Beynəlxalq əlaqələr sahəsində idarəçiliyin inkişaf etdirilməsi və təkmilləşdirilməsi" adlı TEMPUS layihəsi çərçivəsində seminar keçirilib.
Seminardan əvvəl tərəfdaş universitetlərin nümayəndələri Gəncə Dövlət Universitetinin layihə çərçivəsində yenidən qurulan Beynəlxalq Əlaqələr Şöbəsində yaradılan şəraitlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, seminarda layihənin koordinatoru olan Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşları, eləcə də Bakı, Sumqayıt və Naxçıvan dövlət universitetlərinin nümayəndələri beynəlxalq səfərlərdə qazandıqları təcrübələri bölüşüb, fikir mübadiləsi aparıblar.
Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərlik etdiyi “UNİVİA” layihəsində Avropadan Böyük Britaniya, İspaniya, İtaliya, Ukrayna, Mərkəzi və Orta Asiya regionundan Qırğızıstan və Tacikistan da ölkələr daxil olmaqla 19 ali məktəb, Azərbaycandan isə Təhsil Nazirliyi və layihədə adıçəkilən 4 universitet tərəfdaş qismində iştirak edir.
Layihəyə əsasən Gəncə Dövlət Universitetinin beynəlxalq əlaqələri üzrə yeni fəaliyyət strategiyası hazırlanacaq və bu strategiya planlı şəkildə şöbənin gələcək fəaliyyətində əksini tapacaq.