Gəncə Dövlət Universitetində ustad dərsi
Gəncə, 24 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, GDU-nun fəxri doktoru, professor Məhəmməd Babanlı “Faza diaqramları kimyəvi materialşünaslıqda” mövzusunda ustad dərsi keçib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, kimyəvi materialşünaslığın müasir problemlərinə həsr edilən nümunəvi dərsdə universitetin rektoru, professor Yusif Yusibov, Kimya-biologiya fakültəsinin professor-müəllim heyəti, tələbələr, professor İmir Əliyev və digər universitetlərdən gələn qonaqlar iştirak ediblər.
Rektor Yusif Yusibov ustad dərsi keçdiyinə görə Məhəmməd Babanlıya minnətdarlığını bildirib. O, professorun ən mühüm elmi nailiyyətlərindən, həmçinin elmi kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətindən danışıb. Diqqətə çatdırılıb ki, M.Babanlının elmi rəhbərliyi ilə 4 kimya elmləri doktoru, 40-dan çox kimya üzrə fəlsəfə doktoru hazırlanıb.
Çıxışlardan sonra professor Məhəmməd Babanlının “Faza diaqramlarının kimyəvi materialşünaslıqda” mövzusunda mühazirəsi dinlənilib.
Ustad dərsində görkəmli alim Gəncə Dövlət Universiteti ilə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə elmi tədqiqatlarının nəticələrinə dair məruzə ilə çıxış edib.
Sonda dərs iştirakçılarının mövzu ətrafında sualları cavablandırılıb.