Gəncə Dövlət Universitetində Zəfər Günü qeyd olunub
Gəncə, 7 noyabr, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü və şəhidlərə həsr edilən Xatirə guşəsi önünə gül dəstələri düzülüb.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən rektor Yusif Yusibov Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən və xalqımızın həmrəyliyindən danışıb. Rektor qeyd edib ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Bu ilin oktyabrın 15-də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Dövlət başçımız üçrəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla sübut etdi ki, Azərbaycan xalqı və dövləti güclüdür, torpaqlarının sahibidir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında vurğulayıb ki, II Qarabağ müharibəsi dövründə Gəncə çətin günlər yaşasa da, mülki əhali arasında şəhidlər olsa da, şəhər sakinləri heç nədən qorxmadılar və həmrəylik nümayiş etdirərək Prezident İlham Əliyevin ətrafında sıx birləşdilər.
Tədbirdə YAP Gəncə şəhər təşkilatinin sədri Bayram Aslanov çıxış edib. Bildirib ki, xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Bu möhtəşəm Qələbə Prezident-Xalq birliyinin təntənəsi oldu.
Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Recep Öztop çıxışında vurğulayıb ki, 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov, GDU-nun məzunu şəhid Rəşad Məmmədovun anası Rəfiqə Süleymanova, şəhid Vidadi İsrafilovun atası Vaqif İsrafilov və Vətən müharibəsi qazisi Nizami Həsənov çıxışlarında onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Həmçinin, ali təhsil ocağında yüksəkixtisaslı kadr hazırlığı ilə yanaşı, gənclərin vətənpərvər ruhda yetişdirilməsinə önəm verən, daim qazi və şəhid ailələrinin yanında olan universitet rəhbərliyinə təşəkkür ediblər.
Zəfər Gününə həsr olunan tədbir tələbələrin vətənpərvərlik ruhunda hazırladığı musiqili, ədəbi-bədii proqramla davam edib.