İQTİSADİYYAT
“Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: istehsalın modernləşdirilməsi ilə rəqabətqabiliyyətli məhsul istehsalının artırılması” mövzusunda tədbir keçirilmişdir
Bakı, 8 avqust (AZƏRTAC). “Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: istehsalın modernləşdirilməsi ilə rəqabətqabiliyyətli məhsul istehsalının artırılması” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin (İİN) Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri, həmçinin Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 70-ə yaxın sahibkar iştirak etmişdir.
İİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluq səviyyəsinin artdığını bildirmişdir.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan iqtisadiyyatında dinamik inkişafı təmin edən amillər, davamlı sosial-iqtisadi inkişaf mərhələsində qarşıda duran vəzifələr, eləcə də ayrı-ayrı iqtisadi sahələrdə modernləşmənin müasir vəziyyəti və perspektivlər barədə məlumat vermişdir. Ölkədə həyata keçirilən dövlət proqramlarının, o cümlədən regional inkişaf və ərzaq təhlükəsizliyi sahəsində qəbul edilmiş sənədlərin xüsusi əhəmiyyətini vurğulayan nazir müavini bu proqramların uğurlu icrası nəticəsində qeyri-neft sektorunun surətlə inkişaf etdiyini, yeni iş yerlərinin və müasir müəssisələrin yaradıldığını, iqtisadiyyata investisiya qoyuluşunun artdığını, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirildiyini diqqətə çatdırmışdır.
Beynəlxalq Maliyyə Korporasiyasının layihə rəhbəri İrina Niderberger Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı sahəsində həyata keçirilən tədbirlərin təmsil etdiyi qurum tərəfindən müsbət qiymətləndirildiyini qeyd etmiş, nazirliyin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov və şöbə müdirinin müavini Fərrux Dadaşov həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, dövlət proqramlarının uğurlu icrasında sahibkarların rolunu qeyd etmişlər.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Regional Elm Mərkəzinin direktoru, professor Fuad Əliyev Azərbaycanda özəl bölmənin inkişafına göstərilən diqqət və qayğıdan, sahibkarlara dövlət dəstəyi mexanizmlərindən geniş bəhs etmiş, yeni texnologiyaların tətbiqinin sahibkarlığın inkişafında əhəmiyyətini vurğulamışdır.
Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda istehsalın modernləşdirilməsi və həcminin daha da artırılması məsələləri ilə bağlı müzakirələr aparılmışdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.