REGİONLAR
Gəncə sakinlərində odlu silah aşkarlanıb
Gəncə, 12 may, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Baş İdarənin Cinayət-Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Qurban Qurbanov saxlanılıb. İdarədə saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman lüləsi və qundağı kustar üsulla kəsilmiş bir ədəd “TOZ8” tüfəngi və 3 ədəd patron aşkarlanaraq götürülüb.
Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə yaşadığı evdə müvafiq sənədləri olmaya tüfəng saxlayan şəhər sakini Ceyhun Kazımov saxlanılıb. Qeyd edilən ünvana baxış zamanı oradan 1 ədəd “Karabin” tipli odlu silah və 4 ədəd patron aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.