GƏNCƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ GÖRÜŞ
İcra hakimiyyətinin başçısı Eldar Əzizov ali qonağa və Türkiyə nümayəndə heyətinin üzvlərinə qədim Gəncənin tarixi, son illərdəki iqtisadi inkişafı, şəhərdə aparılan yenidənqurma işləri barədə məlumat verdi. Bildirildi ki, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirməsi nəticəsində son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Gəncədə çox böyük tərəqqi müşahidə olunur. Respublikanın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur ki, bunun da nəticəsində investorların bu şəhərə marağı xeyli artmışdır. İndi şəhərdə xeyli xarici şirkət fəaliyyət göstərir ki, onların da arasında Türkiyənin iş adamları çoxluq təşkil edir. Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladan icra hakimiyyətinin başçısı bunu təbii hal kimi dəyərləndirdi.
Gəncəyə gəlməsindən məmnunluğunu söyləyən Prezident Abdullah Gül dost, qardaş Türkiyə və Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsində dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini xatırladaraq, əminliklə vurğuladı ki, ölkələrimizin və xalqlarımızın birliyi bundan sonra da sarsılmaz və əbədi olacaqdır. Azərbaycanın Qlobal enerji layihələrində Azərbaycanın və Türkiyənin birgə iştirakını yüksək dəyərləndirən Prezident Abdullah Gül Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsini region üçün əlamətdar hadisə kimi qiymətləndirdi.
Görüşdən xatirə olaraq ali qonağa hədiyyə təqdim edildi.