GƏNCƏ SƏNƏTKARLARININ ƏL İŞLƏRİNƏ BAXIŞ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, noyabrın 8-də Türkiyə Prezidenti Abdullah Gül və xanımı, digər qonaqlar Şah Abbas məscidi abidə kompleksinə daxil olan “Çökək hamam” tarixi memarlıq abidəsində yaradılmış dekorativ-tətbiqi sənət mərkəzində Gəncə sənətkarlarının əl işləri ilə yaxından tanış oldular. XII əsrə aid müxtəlif eksponatlar, yerli ustaların hazırladıqları sənət nümunələri qonaqlarda böyük maraq doğurdu.
Ali qonağa məlumat verildi ki, mərkəz qədim el sənətinin yaşadılmasında və qədim sənət nümunələrinin bərpa edilib gələcək nəsillərə çatdırılmasında böyük işlər görür.
Dekorativ-tətbiqi sənət mərkəzi ilə tanışlıqdan sonra Prezident Abdullah Gül Gəncədə fəaliyyət göstərən Türkiyə iş adamlarının ailə üzvləri ilə görüşüb söhbət etdi. Türkiyəli iş adamı Müzəffər Alıgüloğlu onlara burada yaradılan şəraitdən razılığını bildirdi və ölkəsinin Prezidentinə şəkil hədiyyə etdi.