“GƏNCƏ ŞƏRAB-2” SƏHMDAR CƏMİYYƏTİ İLƏ TANIŞLIQ
Baş direktor Namiq Məmmədov müəssisənin fəaliyyəti, texnoloji prosesin müxtəlif mərhələləri, quraşdırılmış müasir avadanlıq barədə məlumat verərək dedi ki, burada yüksək keyfiyyətli məhsullar istehsal olunur. Hazırda bir neçə ölkə ilə müqavilələr imzalanmışdır. Xüsusilə Rusiyanın bir çox iri müəssisələri ilə qarşılıqlı əməkdaşlıq yaradılmışdır. Zavod bu yaxınlarda öz məhsulunu ABŞ-a göndərmək üçün müqavilələr bağlayacaqdır.
Azərbaycan Prezidenti məhsulun keyfiyyətinə nəzarət edilən zavod laboratoriyası ilə də tanış oldu, müəssisənin yaxınlığında yeni salınmış və 78 hektar sahəsi olan üzüm bağına da baxdı. Burada əkilmiş yüksək məhsuldarlığa malik sortun tingləri Fransadan gətirilmişdir.
Dövlətimizin başçısı razılığını bildirərək dedi ki, mən çox razıyam, Gəncədə belə bir müasir müəssisə fəaliyyət göstərir və inkişaf edir. Yeni iş yerlərinin açılması mənim siyasətimin əsas istiqamətlərindən biridir. Sizə bu yolda uğurlar arzulayıram.
Sonra Prezident İlham Əliyev üzüm bağlarının çoxaldılmasının vacibliyini vurğuladı və lazımi tövsiyələrini verdi, dövlət orqanlarının və yerli icra orqanlarının bu işdə sahibkarlara kömək etməsini bir daha xatırlatdı. Prezident bildirdi ki, gələcəkdə sahibkarlara böyük həcmdə kreditlər veriləcəkdir. Siz də böyük işlər görürsünüz, insanları işlə təmin edirsiniz, məhsulu xaricə ixrac edirsiniz. Bu, böyük göstəricidir. Bir var ki, məhsul ölkə daxilində istehlak olunsun, bir də var, xarici bazara çıxarılsın.