REGİONLAR
Gəncədə “15 iyul - xalqın səsi, ədalətin zəfəri! Azərbaycan-Türkiyə” adlı tədbir keçirilib VİDEO
Gəncə, 9 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə Bakı Yunus Əmrə İnstitutunun və TÜRKPA-nın birgə təşkilatçılığı, Türkiyənin Gəncədəki baş konsulluğunun dəstəyi ilə “15 iyul - xalqın səsi, ədalətin zəfəri! Azərbaycan-Türkiyə” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, 15 iyul dövlət çevrilişinə cəhd zamanı Azərbaycanın Türkiyə Respublikasına və ölkə hakimiyyətinə göstərdiyi dəstək üçün təşəkkür etmək məqsədilə keçirilən tədbir hər iki ölkənin müstəqilliyinə həsr olunub.
Tədbirdə Türkiyənin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Türkiyənin Gəncədəki baş konsulu Orhan İşık çıxışında Türkiyədə baş verən dövlət çevrilişi cəhdi zamanı türk xalqının birlik nümayiş etdirdiyini, Azərbaycanın Türkiyə ilə həmrəy olduğunu vurğulayıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev 15 iyul hadisələrində Türkiyə xalqının və milli iradənin zəfər çaldığını bildirib.
Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım Türkiyədə baş verən hadisələr və 15 iyul zəfəri barədə danışıb. Azərbaycanın və digər türk dövlətlərinin dəstəyini xüsusi vurğulayıb.
Milli Məclisin deputatları Pərvin Kərimzadə və Naqif Həmzəyev bildiriblər ki, 15 iyul hadisələri zamanı Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək, böyük qəhrəmanlıq göstərərək, çevriliş cəhdinin qarşısını aldı, dövlətçiliyi, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qorudu.
Tədbirdə 15 iyul dövlət çevrilişi cəhdinə qarşı xalqın mübarizəsini əks etdirən videoçarxlar nümayiş olunub, Azərbaycan və türk dillərində şeirlər səsləndirilib.
Sonda tədbir iştirakçıları 15 iyul hadisələri zamanı Türkiyənin müxtəlif bölgələrində həmrəylik göstərən Azərbaycan və Türkiyə vətəndaşlarının fotolarından ibarət sərgiyə baxıblar.