Gəncədə Başlıbel faciəsinin ildönümü qeyd edilib
Bakı, 20 aprel, AZƏRTAC
Gəncədə yerləşən Kəlbəcər rayon İcra Hakimiyyətində Başlıbel faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra faciəyə həsr edilmiş film nümayiş olunub.
Anım tədbirində Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər təşkilatının sədri Həbib Misirov, araşdırmaçı-jurnalist, Başlıbel faciəsindən bəhs edən "Qanlı kaha” və Kəlbəcərdə ermənilərin törətdiyi hərbi cinayətlərin toplandığı "Tanrı yoxuşu" kitablarının müəllifi Elxan Salahov, qətliamın şahidlərindən Habil Ələsgərov, kəndin sakinləri Nurəddin Həşimov, Yusif Salahov və Vüqar Haşımov çıxış ediblər.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayonun bərpası zamanı Başlıbeldə həyata keçiriləcək quruculuq işləri ilə əlaqədar sakinlərin təkliflərinə münasibət bildirib. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Milli Ordusunun qəhrəmanlığı ilə 44 günlük Vətən müharibəsində xalqımız möhtəşəm Zəfər qazanıb və düşmən tapdağında olan torpaqlarımızı azad etməyə nail olub. Vətən müharibəsi başa çatandan sonra erməni vəhşiliyinin qurbanı olan Başlıbel sakinlərinin nəşi müəyyən edilərək doğma kənddə dəfn edilib. İndi kənd sakinləri vaxtaşırı Başlıbeli ziyarət edərək şəhid olan əzizlərini ziyarət edirlər.
Başlıbel ziyalıları, sakinləri və hadisə qurbanlarının yaxınları onlara göstərilən diqqət və qayğıya, həmçinin faciəyə verilən hüquqi qiymətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.