Gəncədə “Biliklər və elm aləminə virtual səyahət” layihəsinin icrasına başlanılmışdır
Gəncə, 11 sentyabr (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin ölkənin 25-dən çox şəhər və rayonunda həyata keçirdiyi “Biliklər və elm aləminə virtual səyahət” layihəsi çərçivəsində Gəncədə müxtəlif filmlərin nümayişinə başlanılmışdır.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov AZƏRTAC-a bildirmişdir ki, layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkilindən ibarətdir. Burada uşaqlar üçün cizgi, böyüklər üçün isə sənədli filmlər nümayiş etdirilir. Qeyd etmək lazımdır ki, bu filmlər proyektorlar vasitəsilə 360 dərəcəli görüntülü kürə şəklində tavana salınır və beləliklə filmin görüntüləri hər tərəfdən tamaşaçıları əhatə edir. Filmlər Azərbaycan dilində təqdim olunur.