REGİONLAR
Gəncədə bölgə sahibkarları istehsal, tədarük və təchizat məsələləri ilə bağlı maarifləndiriliblər
Gəncə, 24 fevral, Rauf Hacıyev, AZƏRTAC
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC təchizat səviyyəsini öyrənmək və bölgələrdə yerli məhsulların tədarük potensialını yaratmaq məqsədi ilə Gəncə və ətraf rayonların sahibkarları, eləcə də satınalan təşkilatlar üçün maarifləndirici görüş təşkil edib.
AZƏRTAC xəbər verir ki, Gəncə-Samux regional bölməsi üzrə keçirilən müşavirəyə Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux, Goranboy, Tərtər, Xocalı, Kəlbəcər rayonlarının dövlət satınalan təşkilatlarının təmsilçiləri qatılıblar.
Bildirilib ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılıb. Cəmiyyətin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, məhsul istehsalçılarının inkişafını təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaqdır. Həmçinin ərzaq məhsullarının keyfiyyətini, eləcə də dövlət vəsaitindən istifadənin səmərəliliyini artırmaq və dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Qeyd edilib ki, fəaliyyətə başlamasından qısa vaxt keçməsinə baxmayaraq, cəmiyyətin 12 regionda struktur bölməsi, 46 rayonda dayaq məntəqəsi yaradılıb. Mərkəzi Bakıda olmaqla, 12 rayonda xüsusi təyinatlı, müasir standartlara cavab verən soyuducu tipli depo-anbarlar qurularaq istifadəyə verilib. Həmin anbarlarda ölkədə istehsal olunan bütün növ ərzaq məhsullarının standartlara uyğun uzunmüddətli, keyfiyyətli saxlanma şəraiti təmin edilib. Ötən müddətdə dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlarla 825 müqavilə bağlanılıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ərzaq tələbatının təmin edilməsi üçün 1835 təchizat nöqtəsinin ərzaq təminatı tam təmin edilib. Cəmiyyət cari il yanvarın 1-dən satınalan təşkilatların - təhsil müəssisələri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, hərbi hissələr, eləcə də digər dövlət obyektlərinin təchizatının həyata keçirilməsinə başlayıb.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İdarə heyətinin sədr müavini Xaliq Məmmədov müşavirədə çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən cəmiyyətin yaradılması aqrar sektorda tədarük zəncirinin formalaşdırılmasına, fermerlərin istehsal etdikləri məhsullarının tədarük olunmasına, eləcə də satınalan müəssisələrin təchizat səviyyəsinin yüksəldilməsinə səbəb olacaq.
Regionlarda keçirilən müşavirələrin əhəmiyyətini qeyd edən Xaliq Məmmədov bu görüşlərin dövlət satınalan təşkilatlarla səhmdar cəmiyyət arasında birbaşa dialoqun qurulması, “tedaruk.az” portalından istifadənin izah edilməsi, satınalan təşkilatların problemlərinin yerində öyrənilərək həlli üçün qərarların qəbul olunması, kənd təsərrüfatı istehsalçıları ilə ünsiyyətin asanlaşdırılması məqsədi daşıdığını deyib.
Bildirilib ki, hazırda Gəncə-Samux regional bölməsi üzrə 278 satınalan təşkilat keyfiyyətli ərzaq məhsulları ilə təmin edilir. Bütün bölgələrdə keçirilən bu cür görüşlərin digər məqsədi regionlarda istehsal-tədarük potensialının aşkara çıxarılması, bölgədə istehsal olunan məhsulların dövlət satınalan təşkilatlarının ərzaq ehtiyacına yönəldilməsidir. Hər bir bölgədə yerləşən, təhsil müəssisəsi, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, eləcə də hərbi hissələrin ərzaq təminatı həmin bölgənin istehsal imkanları hesabına təmin olunarsa, rayonlara böyük həcmdə vəsaitlər daxil olacaq. Əsas məqsəd büdcə vəsaitlərinə qənaət, şəffaflığın təmin olunması, yerli istehsalın dəstəklənməsidir.
Regional görüşdə satınalan təşkilatların ərzaq məhsullarına tələbatı elektron portalından (tedaruk.az) istifadə qaydaları, qeydiyyatdan keçmə prosedurları ilə bağlı təlimatlar izah olunub. Tövsiyə edilib ki, hər bir satınalan təşkilat portalda öz tələbatını düzgün yerləşdirməli, dövlət vəsaitlərindən düzgün istifadə edilməsi məqsədi ilə verilən tələbatlar real ehtiyaclara uyğun olmalıdır. Bu istiqamətdə uşaq bağça müdirlərinin, xəstəxana nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb, portalla işləmək bacarıqları ətraflı şərh olunub.
Regional müşavirənin sonunda satınalan təşkilat nümayəndələri tədarük-təchizat səviyyəsinin yüksəldilməsi üçün təkliflərini səsləndiriblər.